Ölkədəki əsas dəmir yollarının 2000 km – dən çoxu elektrikləşdirilib. Yükdaşımalarda xüsusi çəkisi olan dəmir yollarının ekoloji təhlükəsiz enerji mənbəyi ilə təmin edilməsi atmosferə zərərli tullantıların atılmasının həcminin dəfələrlə azalmasında olduqca əhəmiyyətlidir.

Ətraf mühitə zərəri kifayət qədər yüksək olan avtomobil nəqliyyatı ilə müqayisədə bu, özünü daha qabarıq göstərir. Statistikaya görə, ötən il ölkədə atmosferə atılmış çirkləndirici maddələrin 981,9 min tonu avtomobillərin payına düşüb. Tullantıların 56,3 faizini karbohidrogenlər, 13,0 faizini karbon oksidi, 12,2 faizini kükürd anhidridi, 9,7 faizini azot oksidi, qalan hissəsini isə digər çirkləndirici və təhlükəli maddələr təşkil edib. Hazırda atmosferi ən çox çirkləndirən karbon 2-oksidin 77-80%-ni havaya benzinlə işləyən avtomobillər buraxır.

Ölkəmizdəki dəmir yolu nəqliyyatının havanın çirkləndirilməsindəki çəkisi isə heç 1 faizə çatmır. Bu rəqəmlər ekoloji cəhətdən təmiz nəqliyyat növü kimi dəmir yolunun nə qədər böyük əhəmiyyətə malik olduğunu bir daha təsdiqləyir, daşımalarda dəmir yolunun çəkisinin artırılmasını zəruri edir. Dəmir yolu ilə daşımalardan istifədə etməklə, siz də ölkəmizin, dünyanın ekoloji durumunun daha da saflaşmasına yardım etmiş olursunuz.