Son illər Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə, iqtisadiyyatın, xüsusən də nəqliyyat sahəsinin inkişafı istiqamətində aparılan məqsədyönlü islahatlar nəticəsində ölkəmiz beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilmişdir. Dövlət başçısının təşəbbüsü ilə Şərq – Qərb və Şimal – Cənub istiqamətləri üzrə nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanın tranzit imkanlarını daha da genişləndirmişdir.  Beynəlxalq yükdaşımalarda xüsusi çəkiyə malik Azərbaycan Dəmir Yolları QSC də  nəqliyyat dəhlizlərinin əsas iştirakçıları olan Çin, Avrasiya regionu, İran, Türkiyə, Qara dəniz, Hind okeani, Fars körfəzi hövzəsi, Avropa ölkələri və digər vacib tərəfdaşlarla strateji əməkdaşlıq əlaqələri qurmuşdur. Ölkəmizin ərazisindən keçən yüklərin həcmi isə sabit olaraq artmaqdadır. Bu çağırışlara daha effektiv cavab vermək,  artan yük həcmini səmərəli idarə etmək məqsədilə Azərbaycan Dəmir Yolları QSC tərəfindən bir sıra zəruri institusional dəyişikliklər edilmişdir. Belə ki, müstəsna olaraq konteyner daşımalarının həyata keçirilməsi və idarə edilməsi məqsədilə qurum tərəfindən “ADY Konteyner” MMC təsis edilmişdir. Cəmiyyət fəaliyyətində vertikal inteqrasiyaya üstünlük verərək, beynəlxalq standartlara uyğun qaydada konteynerlərin mərkəzləşdirilməsi, saxlanılması, texniki xidməti və daşınması ilə məşğuldur.

Əminəm ki, “ADY Konteyner” MMC – nin yaradılması tranzit potensialımızın inkişafına, yükdaşımalardan əldə ediləcək gəlirlərin yüksəlməsinə səbəb olacaq. Bunun isə milli iqtisadiyyatımızın daha da güclənməsinə müsbət təsir göstərəcəyi şübhə doğurmur.

Azərbaycan Dəmir Yolları QSC – nin sədri Cavid Qurbanov