BTQ ilə Orta Asiyadan Türkiyəyə konteynerlə yükdaşımalar artıb

“ADY Konteyner” şirkəti Orta Asiyadan yüklərin cəlb edilməsi və ölkəmizin ərazisindən keçməklə dəmiryolu ilə Türkiyə və Avropaya nəqli istiqamətində fəaliyyətini davam etdirir.
Hazırda Özbəkistanın paytaxtı Daşkənddən Türkiyənin İskəndərun şəhərinə  gedən 10, Özbəkistanın digər şəhəri Buxaradan  Mersinə  istiqamət götürən 30 konteyner yoldadır. 40 və 45 futluq konteynerlər Türkmənistanın Türkmənbaşı limanına çatdıqdan sonra fider gəmisinə  yüklənərək Bakı limanına gətiriləcək. Daha sonra konteynerlər  Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyəyə çatdırılacaq.
Buxaradan yola çıxan daha 15 konteyner isə Bolqarıstana istiqamət götürüb. Bu konteynerlər Türkmənbaşıdan Bakıya çatdırıldıqdan sonra Gürcüstanın Qara dənizdəki limanlarından birinə yola salınacaq. Oradan isə dəniz xətti ilə  Bolqarıstana aparılacaq. Özbəkistandan Azərbaycana isə idxal yüklərinin daşındığı 17 konteyner çatdırılacaq. Konteynerlərin təyinat stansiyası  Hacıqabuldur.
Yaxın günlərdə  Özbəkistandan Türkiyə və Avropa istiqamətində daha 56 konteynerin dəmir yolu ilə daşınması nəzərdə tutulub.