Skip to main content
Uncategorized

Beynəlxalq Logistik Forumda ölkəmizin nəqliyyat potensialı müzakirə edilib

By May 31, 2018İyul 7th, 2021No Comments

Ukraynanın Odessa şəhərində ekspeditorların «Transport and Logistics» mövzusunda beynəlxalq forumu keçirilib. 29-30 may tarixində keçirilən forum, bu sahədə çalışan biznes nümayəndələri üçün bir platforma olaraq, mövcud problemlər və çağırışlar, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və kadr hazırlığı kimi məsələlərin müzakirə edilməsinə şərait yaradır.

Forumda “Azərbaycan Dəmir Yolları” QSC, “ADY Container” MMC  və “ADY Express” MMC –nin nümayəndələri də iştirak ediblər.

Tədbir çərçivəsində Azərbaycan, Gürcüstan və Ukrayna dəmir yolları nümayəndələri ilə İran və Çinin yük sahibləri arasında keçirilən görüşlərdə, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Cənub-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizinin və İranın Astara şəhərində, Azərbaycan Dəmir Yolları tərəfindən inşa edilən yük terminalının, eləcə də Orta Koridor – Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin və Bakı-Tbilisi-Qars dəmir yolunun təqdimatı keçirilərək, dövlət və özəl sektorun nümayəndələri və beynəlxalq təşkilatlarla iqtisadi əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

Azərbaycan nümayəndə heyətinin keçirdiyi ikitərəfli görüşlərdə, biznes proseslərinin təkmilləşdirilməsi, Cənub-Qərb və Orta Koridor Beynəlxalq Nəqliyyat Dəhlizi ilə həyata keçirilən yükdaşımaların tarifləri, Asiya-Avropa istiqamətində yükdaşımalar sahəsində aparıcı texnoloqiyaların tətbiqi kimi məsələlər diqqət mərkəzində olub. Azərbaycanlı ekspertlər, tədbir iştirakçıları ilə  loqistik məsələlərin həllinə dair məsləhətləşmələr apararaq, strateji tərəfdaşlarla gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Avropa-Asiya istiqamətində yükdaşımaların inkişafına dair keçirilən yüksək səviyyəli görüşdə isə, Azərbaycanda dəmir yolu loqistikası sahəsində görülən işlər, həyata keçirilən iri infrastruktur layihələri,  Azərbaycanın nəqliyyat potensialı və ölkəmizdə nəqliyyat sektorunda görülən işlər haqqında geniş məlumat verilib.

Leave a Reply