Skip to main content
Uncategorized

Cavid Qurbanov: “Bakı-Tbilisi-Qars layihəsi regionun inkişafını təmin edəcək”

By İyul 24, 2017İyul 8th, 2021No Comments

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze və “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinin prezidenti Kanat Alpısbayev Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısında işlərin gedişatı ilə tanış olublar.

Qars dəmir yolu vağzalından başlayan səfər Gürcüstanın Axalkalaki stansiyasına qədər davam edib. Dəmir yolu rəhbərləri texniki vəziyyətlə yerində tanış olmaq məqsədilə, Qars stansiyasından Türkiyə-Gürcüstan sərhədindəki tunelə qədər olan sahəyə və tunelə, tuneldən sonra isə Axalkalaki stansiyasına qədər olan sahədə infrastruktur obyektlərinə – dəmir yolu xətlərinə, süni qurğulara, inzibati bina və tikililərə, hərəkət tərkibi ilə bağlı digər sahələrə baxış keçiriblər.

Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin reallaşması məsələsi Azərbaycan, Gürcüstan, Türkiyə hökumətləri və dəmir yolları rəhbərlərinin daim diqqət mərkəzindədir. Bu, hər üç ölkənin, eyni zamanda, həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaq. Bu layihəyə qoşulmaqla Azərbaycan Çindən tutmuş Avropa ölkələrinə qədər müxtəlif dövlətlərdən yüklər qəbul edə və ya əksinə göndərə biləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, bu yol istifadəyə verildikdən sonra özəl sektorun nümayəndələri –sahibkarlar ildə bir milyon ton yük göndərə biləcəklər. Gələcəkdə isə bu rəqəm artacaq. Bakı-Tbilisi-Qars layihəsi regionun inkişafını təmin edəcək”.

O, həmçinin bildirib ki, Qazaxıstan və Çindən gələcək yüklərin hesabına Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınacaq yüklər ildə 500 min konteynerə qədər artacaq.

Tədbir çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Qarsda logistika mərkəzinin yaradılması haqqında saziş imzalanıb. Sazişi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və Texniki Sahə Araşdırması və SBK Holdinqinin sahibi Sezgin Baran Korkmaz imzalayıblar.

Leave a Reply