Çinin paytaxtı Pekində “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında sənədlərin imzalanması mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Şahin Mustafayev və Çin Xalq Respublikasının Kommersiya Nazirliyinin Avrasiya İdarəsinin rəhbəri, Azərbaycan-Çin Hökumətlərarası ticarət-İqtisadi əməkdaşlıq komissiyasının həmsədri Luo Veydonq iştirak edib. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C. Qurbanovun iştirakı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC ilə Çinin “Xi’an Continental Bridge International Logistics Co. Ltd” şirkəti arasında nəqliyyat-tranzit sahəsində Strateji Əməkdaşlıq Anlaşması imzalanıb. Sənəddə tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən konteyner qatarlarının təşkili üzrə razılığa gəliblər. Hər iki şirkət 2019- cu ildə 30 konteyner qatarı (2460TEU) buraxmağı planlaşdırır. Razılaşma həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nəqliyyat qovşağı kimi fəaliyyətinin genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.