Skip to main content
Uncategorized

Cənub-Qərb Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin iclası keçirilib

By Noyabr 29, 2017İyul 7th, 2021No Comments

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun inkişafına dair Koordinasiya komitəsinə daxil olan Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərlərinin beştərəfli görüşü keçirilib.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze, “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədri Voytsex Balçun və Polşa Dövlət Dəmir Yolunun rəisi Kşiştof Maminski iştirak ediblər.

Görüşdə Koordinasiya komitəsinin sədri, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək, son görüşdən keçən müddət ərzində  “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun inkişafına dair görülən işlər haqda tədbir iştirakçılarını məlumatlandıraraq, qarşıda duran vəzifələr haqqında nitq söyləyib. Bildirib ki, artıq marşrutun Koordinasiya komitəsinin işçi qrupu yaradılıb və həmin qrup aktiv fəaliyyət göstərərək, Komitəyə konkret təkliflər təqdim edib.

Aparılan müzakirələrdə yığıncaq iştirakçıları gündəlikdə olan məsələləri: “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun inkişafına dair Koordinasiya Komitəsinin İşçi qrupu haqqında əsasnamənin təsdiq edilməsi, 2018-ci il üçün konteyner daşımalarına dair tariflərin müəyyən edilməsi, vaqonlarla yüklərin nəqlinə dair rəqabətədavamlı tariflərə baxılması və informasiya dəstəyi məsələlərini müzakirə edərək qəbul ediblər.

Tərəflər, qəbul olunan məsələlərin “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun inkişafına, tranzit potensialının artırılmasına və əlavə yüklərin cəlb edilməsinə xidmət göstərəcəyini bəyan ediblər. Görüşün sonunda tərəflər arasında protokol imzalanıb.

Xatırladaq ki, İran, Azərbaycan, Gürcüstan, Ukrayna və Polşanın dəmir yolu rəhbərləri bundan əvvəl 2017-ci il sentyabrın 7-də Odessada görüşüblər. “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutu Hindistandan/Körfəz ölkələrindən İrandan, Azərbaycandan, Ukraynadan, Polşadan keçməklə Avropa İttifaqı ölkələrinə və əks istiqamətdə yükdaşımaların təşkilini nəzərdə tutur.

Leave a Reply