Azərbaycanda intermodal konteyner
daşımaları üzrə lider

Ön Söz Onlayn Servis

Martın 13-də İran İslam Respublikasının Prezidenti Həsən Ruhani bu ölkədə səfərdə olan Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevi qəbul edib.

 

İran Prezidenti ölkələrimiz arasında tarixi dostluq münasibətlərini vurğulayaraq, siyasi, iqtisadi və mədəni əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini, İranın Azərbaycanla əlaqələrin genişləndirilməsinə önəm verdiyini qeyd edib. Azərbaycan və İran arasında əlaqələrin daha da inkişafı üçün geniş potensialın olduğunu bildirən Həsən Ruhani nəqliyyat, enerji, investisiya qoyuluşu sahəsində əməkdaşlığın daha da genişlənməsinə, Azərbaycana nəzərdə tutulan səfərinə dair fikirlərini bölüşüb. İran Prezidenti salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

 

Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev səmimi qəbula görə təşəkkürünü bildirib və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını İran Prezidentinə çatdırıb. Şahin Mustafayev Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və dostluq münasibətlərinin əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını, son 4 ildə dövlət başçılarının yüksək səviyyəli 10 görüşünün keçirildiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan İranla əlaqələrə xüsusi əhəmiyyət verir və İranın uğurları Azərbaycanı sevindirir. Azərbaycan-İran əməkdaşlığ bütün sahələrdə, o cümlədən iqtisadi sahədə inkişaf edir. Hazırda ölkələrimiz sənaye, ticarət, energetika, nəqliyyat-tranzit və digər sahələrdə uğurla əməkdaşlıq edir, ticarət dövriyyəsi artır, işgüzar dairələr səmərəli əməkdaşlıq edir, avtomobil istehsalı və əczaçılıq sahələrində birgə layihələr reallaşdırılır, Azərbaycan və İranın tranzit potensialının reallaşdırılmasında mühüm əhəmiyyət kəsb edən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə işlər davam etdirilir.

Nazir Şahin Mustafayev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyə və ərazi bütövlüyümüzü dəstəklədiyinə görə İran tərəfinə bir daha təşəkkür edib.

 

Qeyd edək ki, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Azərbaycan xarici işlər nazirinin müavini Xələf  Xələfov  da iştirak ediblər.

Polşanın paytaxtı Varşavada “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun inkişafına dair Koordinasiya Komitəsinin  yığıncağı keçirilib.

 

Tədbirdə Azərbaycan, İran, Gürcüstan,Ukrayna və Polşa dəmir yollarının nümayəndə heyətləri iştirak ediblər. Ölkəmizi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

 

Koordinasiya Komitəsinin  yığıncağında Ukrayna tərəfinin son dəyişikliklərini nəzərə alaraq, 2018-ci il üçün Cənub-Qərb marşrutundakı xüsusi heyət üçün istifadə olunan vaqon və konteynerlərdə yüklərin daşınmasına dair tariflərin nəzərdən keçirilməsi; Slavkuv-Astara (İran) marşrutu üzrə ilk test konteyner (blok) qatarının göndərilməsi;  Universal heyətlə yüklərin (taxıl, bitki mənşəli yağlar, metal məmulatları, tikinti materialları, polietilen, polipropilen, filiz, bitum, şüşə, tomat pastası, quru meyvələr və s.) daşınmasına dair kompleks tariflərinin nəzərdən keçirilməsi; 2018-ci il üçün Cənub-Qərb marşrutu üzrə universal və xüsusi konteynerlərdə təhlükəli yük daşınmasının müzakirəsi və razılaşdırılması; Astara (İran) stansiyasının istismara verilməsindən sonra, Azərbaycan və İrana yükdaşıma tariflərinin Azərbaycan və İran tərəfindən yenidən nəzərdən keçirilməsi və təsdiq edilməsi;  Marşrutun dəniz hissəsində (Qara dənizdə) tarif şərtlərinin optimallaşdırmasına dair əldə edilmiş nəticələrin Ukrayna və Gürcüstan tərəflərinə təqdim edilməsi; Azərbaycan, Gürcüstan, İran və Polşa tərəfləri arasında (ay ərzində bir blok-qatardan artıq olmaması şərti ilə) boş konteyner və boş platformaların daşınma ödənişindən azad edilməsi məsələsinin nəzərdən keçirilməsi; bu məsələ üzrə Ukrayna tərəfinin yekun qərarının İşçi qrupuna açıqlanması; Kompleks tariflərinin yerləşdirilməsi haqqında Azərbaycan tərəfinin məlumatının marşrutun veb-səhifəsində, həmçinin marşrut iştirakçılarına təqdim edilməsi və digər strateji əhəmiyyətli məsələlər müzakirə olunub.

 

Tərəflər, müzakirə olunan məsələlərin “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun inkişafına, tranzit potensialının artırılmasına və əlavə yüklərin cəlb edilməsinə xidmət göstərəcəyini bildiriblər.

 

Sonra yığıncağın protokolunun imzalanması mərasımı keçirilib.

 

Tədbir çərçıvəsində dəmir yolu administrasiyalarının təqdimatları (mövcud potensial və imkanlar, planlar) olub, eyni zamanda potensial müştəri və ekspeditor şirkətləri ilə işgüzar görüşlər də baş tutub.

 

Xatırladaq ki,  “Cənub-Qərb” beynəlxalq  nəqliyyat marşrutu  Avropa Birliyi ilə Hindistan arasında yüklərin daşınmasına hesablanıb. Dəhliz İran, Azərbaycan, Gürcüstan, Ukrayna vasitəsilə Hindistandan Avropaya və əks istiqamətdə yüklərin daşınmasında vaxt itkisini azaldır. lkin hesablamalara əsasən bu dəhliz üzrə yük daşımaları 7 gün ərzində həyata keçirmək mümkün olacaqdır. Alternativ marşrutlarda çatdırılma vaxti 35-37 gün təşkil edir.

 

 

 

 

 

İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasında səfərdədir.

 

Səfərin ilk günü nazir Şahin Mustafayev İran İslam Respublikasının İqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşüb.

Bildirilib ki, son illərdə ölkələrimiz arasında əlaqələr yeni mərhələyə qədəm qoyub. Son 4 ildə Azərbaycan və İran dövlət başçılarının 10 görüşü keçirilib,100-dən çox qarşılıqlı səfər həyata keçirilib, 40-dan artıq sənəd imzalanıb. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyası intensiv iş aparır.

 

Ticarət, sənaye, nəqliyyat-tranzit, maliyyə, səhiyyə və digər sahələrdə mövcud əlaqələrə və əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bildirən Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi 2017-ci ildə 16 faiz artıb. İran Azərbaycana 3,1 milyard ABŞ dolları investisiya yatırıb. Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı sahələrində 700-dən çox İran şirkəti qeydiyyatdan keçib. Azərbaycan və İranın birgə iştirakı ilə ölkəmizdə reallaşdırılan avtomobil istehsalı zavodunda işlər tamamlanmaq üzrədir, Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun yaradılması üzrə işlər davam edir. Energetika sahəsində “Xudafərin/Qız Qalası” və “Ordubad/Marazad” hidroqovşaqları, 330 kv-luq Muğan (İmişli-Parsabad) elektrik xətti kimi layihələr həyata keçirilib, İrana elektrik satışına dair Çərçivə Sazişi imzalanıb.

 

Azərbaycan-İran əməkdaşlığının mühüm istiqamətlərindən olan “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə işlər intensiv şəkildə aparılır. Azərbaycanda 8,3 kilometr, İranda 1,4 kilometr dəmir yolu, Astara çayı üzərində dəmir yolu körpüsü istismara hazırdır və artıq sınaq qatarlarının hərəkəti həyata keçirilib. Astarada (İran) terminalın təməlinin qoyulması və məhsul anbarlarının tikintisi nəzərdə tutulur. “Şimal-Cənub” nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə dair müzakirələr davam edir. 2017-ci ildə Rusiyadan İrana və əks istiqamətdə Azərbaycandan19 mindən çox TIR keçib, İranda milli daşıyıcılarımızın çəkisi isə 23,2 faiz artıb.

 

İran İslam Respublikasının İqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian qeyd edib ki, müstəqil Azərbaycan ilə İranın əlaqələri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdən başlayıb və Heydər Əliyevin o dövrdə İrana səfəri ölkələrimiz arasında münasibətlərin inkişafının əsasını yaradıb. Qeyd olunub ki, son zamanlar ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində mühüm işlər görülüb, bir sıra qarşılıqlı səfərlər və görüşlər keçirilib. Məsud Kərbasian Azərbaycan nümayəndə heyətinin İrana növbəti səfərinin də əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb, sərhəd-keçid məntəqələrində iş rejiminin uzadılmasına, kənd təsərrüfatı, maliyyə və bank, səhiyyə sahələrində əməkdaşlığa dair fikirlərini diqqətə çatdırıb. İranlı nazir Qəzvin-Rəşt dəmir yolu xəttinin önəmini qeyd edərək, dəmir yolunun yaxın zamanlarda istifadəyə veriləcəyini bildirib.

 

Qeyd edək ki, görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Famil Seyidov da iştirak ediblər.

Bu gün Tbilisidə (Gürcüstan) Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib.

İclasda Gürcüstan Respublikası baş nazirinin I müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili Azərbaycanla Gürcüstan arasında iqtisadi, siyasi və mədəni əlaqələrdən danışıb, BTQ dəmir yolunun və digər regional layihələrin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadiğını bildirib.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə son görüşünü xatirladıb, dövlət başçısının BTQ layihəsinə göstərdiyi diqqəti yüksək qiymətləndirib.

İclasda iştirak edən Azərbaycanın iqtisadiyyat naziri, Tranzit və Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev isə bildirib ki, bu gün Azərbaycan və Gürcüstanın birgə reallaşdırdığı BTQ və digər layihələr iki xalqın rifahının yaxşılaşmasına xidmət edir: “İnanırıq ki, BTQ, eləcə də digər layihələr təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avropanın inkişafında, onun Asiya ilə birləşməsində mühüm rol oynayacaq”.

Sonra iclasda BTQ-nin Marabdadan Türkiyə sərhədinə qədər olan hissəsində gedən reabilitasiya, yenidənqurma işləri və yolun tikintisi, “Marabda-Kartsaxi” dəmir yolunun 2018-ci il üçün büdcəsi, Marabda-Turkiyə dəmir yolunun yeni bərpa və yenidənqurma işləri, Axalkaliki-Kartsaxi yolunda yeni infrastrukturun tikintisi və s. məsələlər müzakirə olunub. Həmçinin Koordinasiya Şurasının qərarlarının icrası və digər məsələlərə də baxılıb.

İclasda Azərbaycan tərəfdən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov, Xarici İşlər, Maliyyə Nazirliklərinin məsul əməkdaşları, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.

 

 

İqtisadiyyat naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qarsda səfərdədir.

 

Azərbaycan nümayəndə heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə əklil qoyublar.

Sonra Azərbaycan nümayəndə heyəti Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanla görüşüb.

 

Görüşdə Azərbaycanın qardaş Türkiyə ilə bütün sahələrdə, o cümlədən nəqliyyat-tranzit sahəsində əməkdaşlığının inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, tranzit daşımalarında Türkiyədən Orta Asiyaya və əks istiqamətdə hərəkət edən tırların sayı artıb. Yaradılan infrastuktur (dəmir yolu, Bakı Beynəlxalq Ələt Dəniz Ticarət Limanı, avtomobil yolları və s.) yük daşımalarının daha da artırılmasına geniş imkanlar açır.

 

Görüşdə “Transxəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi”nin təşviqi ilə bağlı işlərin davam etdirilməsinin önəmi qeyd edilib, ölkələrimiz arasında iqtisadi əlaqələrin, xüsusilə nəqliyyat – tranzit yükdaşımaları sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

 

Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri David Peradze, eləcə də Azəarbaycan Respublikası Maliyyə Nazirliyinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələri iştirak edirlər.

 

Sonra Azərbaycan nümayəndə heyəti müzakirələrin davamı məqsədilə Gürcüstana yola düşüb. Səfər çərçivəsində Gürcüstan rəsmiləri ilə bir sıra görüşlər keçiriləcək, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, nəqliyyat – tranzit sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə ediləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla İran Yol və Şəhərsalma Nazirinin müavini, İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə arasında ikitərəfli görüş keçirilib.

 

Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin icra vəziyyəti çərçivəsində Astara (İran) terminalının tikintisi, Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu bağlantısı ilə bağlı hərəkət perspektivləri müzakirə olunub

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov  çıxış edərək, bildirilib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin icrası çərçivəsində Azərbaycan tərəfi öz üzərinə düşən vəzifələri yerinə yetirib. Eyni zamanda Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da başa çatmaq üzrədir.

 

  1. Qurbanov eyni zamanda qeyd edib ki, Azərbaycan və İran Dəmir Yolları arasında “Astara yükdoldurma və yükboşaltma terminalının tikinisi və istismarı” layihəsi üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən “Azərbaycan Dəmir Yolları” QSC 15 illik müddətə 1,4 km-lik dəmir yolu xəttini, 25 illik müddətə isə terminalları icarəyə götürür. Yaxın vaxtlarda Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi nəzərdə tutulur.

 

Müzakirələr zamanı qeyd olunub ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Skandinaviya ölkələri, Rusiya, Azərbaycan və İranın dəmir yollarını bir şəbəkədə birləşdirəcək.

 

İran Yol və Şəhərsalma Nazirinin müavini, İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə çıxış edərək bildirib ki, bu layihə Azərbaycan, İran İslam Respublikası və Rusiya  Federasiyası ərazisində dəmir yolu əlaqələrinin, həmçinin bu ölkələrin tranzit və iqtisadi potensialının gücləndirilməsinə xidmət edəcək. Eyni zamanda yüklərin bu istiqamətə axınına təkan verəcək.

 

Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara (İran)-Astara(Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.

Azərbaycan Dəmir Yolları” QSC-də Avstriya Respublikasının Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti  ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov çıxış edərək  dəmir yolunda həyata keçirilən islahatlar,  Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Şimal-Cənub,  Cənub-Qərb nəqliyyat dəhlizləri və xüsusilə də keçən ilin oktyabr ayında   açılış mərasimi olan Bakı -Tbilisi – Qars dəmir yolu bağlantısı  barədə ətraflı məlumat verib.

20-22 fevral 2018-ci ildə Vyanada keçirilən “Strateji Tərəfdaşlıq 1520: Mərkəzi Avropa”  biznes-forumu haqqında danışan  C. Qurbanov,  forum çərçıvəsində avstriyalı həmkarlarla, Avstriya Parlamentinin üzvü, Avstriya-Azərbaycan ikitərəfli parlament qrupunun sədri ilə bir sıra səmərəli  görüşlərin keçirildiyini bildirib.

Avstriya Respublikasınınn Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayxhardt bildirib ki, son illər Azərbaycan ilə Avstriya arasında hər sahədə, o cümlədən iqtisadi sahədə əlaqələr  genişlənir. Avstriya tərəfi olaraq biz bu əlaqələrin intensivləşdirilməsində, infrasrtuktur layihələrinin icrasında iştirak etməyə maraqlıyıq.

Sonra ikitərəfli qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub.

Görüşdə Avstriya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vex, Azərbaycan Respublikasının Avstriya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov iştirak ediblər.

İkitərəfli əməkdaşlıq əlaqələrinin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Vyanada keçirilən “Strateji Tərəfdaşlıq 1520: Mərkəzi Avropa”  biznes-forumu çərçıvəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla  “Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov arasında ikitərəfli görüş keçirilib.

İkitərəfli görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb hissəsindən kecən ərazisinin gələcək inkişafı, Samur-Astara və Samur-Axalkalaki istiqamətində yüklərin və sərnişinlərin daşınmasının gələcək inkişafı və tarif şərtləri və digər  məsələlər müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirib ki, ölkələrimizin önəm verdiyi beynəlxalq nəqliyyat layihələrindən biri də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir.

Azərbaycan tərəfi öz üzərinə düşən vəzifələri qısa zaman ərzində yerinə yetirib. Hazırda Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da başa çatmaq üzrədir.Yaxın aylarda Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi gözlənilir. Bu günlərdə Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu marşrutu ilə Rusiya Federasiyasından gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola salınıb.

“Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib və bu marşruta yük axınının cəlb edilməsi üçün bütün imkanların səfərbər edilməsinin vacib olduğunu bildirib.

Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanmışdır. Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minmişdir.  Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır.

20-22 fevral 2018-ci ildə Vyanada “Strateji Tərəfdaşlıq 1520: Mərkəzi Avropa”  biznes-forumu keçirilir.

Yığıncaqda ölkəmizi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Forumda Rusiya Federasiyasının nəqliyyat naziri Maksim Sokolov, Avstriya nəqliyyat, innovasiya və texnologiya naziri Norbert Hofer, “Rusiya dəmir yolları” ASC-nin sədri Oleq Belozyorov, “ÖBB-Holding AG”-nin baş direktoru Andreas Matte, Beynəlxalq dəmir yolu nəqliyyatı komitəsinin sədri Jan-Lük Düforno, İtaliya dəmir yollarının beynəlxalq fəaliyyəti üzrə vitse-prezidenti Jovanni Rokka, “FERRMED” assosiasiyasının prezidenti Hoan Amoros, eləcə də “enli” və “ensiz” izlərə malik dövlətlərin milli dəmir yolu şirkətlərinin, ixtisaslaşdırılmış beynəlxalq təşkilatların və bank sektorunun rəhbərləri iştirak edirlər.

Ümumilikdə 24 ölkədən 250 nümayəndənin – dəmir yolu şirkətlərinin, nəqliyyat, logistik və maşınqayırma müəssisələrinin, həmçinin Azərbaycan və Rusiyanın müvafiq idarəetmə orqanlarının rəhbərlərinin qatıldığı tədbir sabah  davam edəcək.

Forumda “Avrasiya və Yeni İpək Yolu: Bir-birinə doğru” layihələrinin ümumi müzakirəsi keçirilir. İştirakçılar burada Şərq-Qərb marşrutu üzrə dəmir yolu tranzitinin sürətini və keyfiyyətini artırma imkanlarını da nəzərdən keçirirlər. Həmçinin tədbirin ayrı-ayrı sessiyalarında beynəlxalq logistika problemləri, dəmir yolu infrastrukturunun maliyyələşdirilməsi və tikintisi, 1520 və 1435 izli dəmir yollarının texnoloji əlaqələndirilməsinin yaxşılaşdırılması məsələləri müzakirə olunur.

Forumda “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini İqbal Hüseynov çıxış edib. O, bildirib ki, strateji təfəfdaşlığın genişləndirilməsində forumun böyük əhəmiyyəti var. Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşir və beynəlxalq layihələrin reallaşmasında aktiv iştrak edir.

 

Avstriyanın Vyana şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla  “Avstriya Dəmir Yolları”  Səhmdar Cəmiyyətinin baş direktoru  Andreas Mathe arasında görüş kecirilib.

Görüşdə Bakı-Tbilisi -Qars dəmir yolu marşrutu ilə yüklərin Cindən Avropya və əks istiqamətə daşınma imkanları müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək, O, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”,  Cənub-Qərb nəqliyyat dəhlizləri və xüsusilə də keçən ilin oktyabr ayında   açılış mərasimi olan Bakı -Tbilisi – Qars dəmir yolu bağlantısı  barədə də ətraflı məlumat verib. Bildirib ki, bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu dəmir yolunun açılış mərasımındə  bildirib ki, bu dəmir yolu üç ölkəni və qitələri birləşdirir. Bu layihəyə qoşulmaq marağı, ilk növbədə, Türkmənistan, Qazaxıstan, Əfqanıstan, Pakistan, Çin və Hindistandan gəlib. Orta Asiya ölkələri bu layihəyə böyük maraq göstərir. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsinə, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə, Avropa  və Asiyaya çıxarılmasına, region ölkələrinin tranzit potensialının artmasına xidmət edir.

Qurbanovla  “Avstriya Dəmir Yolları”  Səhmdar Cəmiyyətinin baş direktoru  Andreas Mathe çıxış edərək Azərbaycanın nəqliyyat-logistik imkanlarının genişlənməsini, 2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini və digər beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində Azərbaycanda görülən  işləri yüksək qiymətləndirib.

İkitərəfli əməkdaşlıq əlaqələrinin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

ADY

Qapalı Səhmdar Cəmiyyəti

ADY EXPRESS

Məhdud Məhsuliyyətli Cəmiyyəti

The leader in container transportation in Azerbaijan

Contacts us

info@adycontainer.com