Azərbaycan dəmiryolçuları “TransRussia-2021” nəqliyyat və logistika sərgisində

Rusiyanın paytaxtı Moskvada  “TransRussia-2021” 25-ci Beynəlxalq nəqliyyat – loqistika və nəqliyyat texnoloqiyaları sərgisi işinə başlayıb. Aprelin 12-dən 14-dək davam edəcək sərgi Avropada ən iri nəqliyyat sərgiləri sırasındadır. Dünyada pandemiya dövrünün davam etdiyinə baxmayaraq, bu il sərgiyə 23 ölkədən 218 şirkət qatılıb. Tədbirdə dəmir yolu sahəsində çalışan dövlət şirkətləri, beynəlxalq korporasiyalar, yükdaşımalar və logistik kompaniyalar  öz xidmətlərini təqdim edirlər.

Sərgidə “Azərbaycan Dəmir Yolları” QSC, “ADY Konteyner” və “ADY Ekspres”    şirkətləri birgə stendlə çıxış edirlər. Azərbaycanın stendi sərgi iştirakçılarının marağına səbəb olub. Onlara ölkəmizin tranzit imkanalrı barədə ətraflı  məlumat verilib.  Azərbaycan dəmiryolçuları, 44 günlük müharibədən sonra  bölgədə yaranan yeni nəqliyyat-kommunikasiya konsepsiyanı, ölkəmizin artan tranzit imkanları və yükdaşımaları asanlaşdırmaq üçün genişlənən  imkanlarımızı sərgiləyirlər.

Azərbaycanın ərazisindən keçən Şimal-Cənub, Cənub-Qərb, Şərq–Qərb və Şimal-Qərb kimi nəqliyyat dəhlizləri, Bakı – Tbilisi – Qars dəmir yolu, Astara (Azərbaycan) – Astara(İran) dəmir yolu xətti, İran Astarasındakı terminal  və ölkəmizdə həyata keçirilən yeni infrastruktur layihələrinin imkanları və üstünlükləri barədə ətraflı məlumat verilib. Müzakirələr zamanı Azərbaycanın  ərazisindən keçən dəmir yolları vasitəsi ilə yüklərin daşınması diqqət mərkəzində olub.

Azərbaycan təmsilçiləri ölkəmizdə  tranzit yükdaşımaları sahəsində görülən işlər, əldə olunmuş nailiyyətlər, reallaşdırılan iri infrastruktur layihələri, ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin üstünlüklərini təqdim ediblər və bu marşrutlara əlavə yüklərin cəlb olunması üçün yeni tərəfdaşlar qazanıblar.

Qeyd edək ki, sərgi meydanlarının ümumi sahəsi 15 min kv. m. təşkil edən 25-ci beynəlxalq nəqliyyat, loqistika və nəqliyyat texnoloqiyaları sərgisinin işində müxtəlif ölkələrdən 10 minə yaxın mütəxəssis iştirak edir.