“TURKUAZ” layihəsi çərçivəsində ilk konteyner qatarı Bakıya çatıb

“TURKUAZ” layihəsi çərçivəsində ilk ekspres konteyner blok qatarı Bakıya çatıb. Test qatarı hər biri 45 futluq olmaqla 21 konteynerdən  ibarətdər. Qatarla Türkiyədən ölkəmizə  588 ton yük  gətirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner”- in Türkiyənin “Pasifik Eurasia Logistics” və Gürcüstanın “GR Logistics and Terminals” şirkətləri ilə birgə hazırladığı yeni logistik məhsul – TURKUAZ ekspres konteyner qatarı həftədə iki dəfə olmaqla İstanbul və Mersindən Bakıya və əks istiqamətdə yükdaşımalar həyata keçirəcək.
TURKUAZ ekspres blok qatarıının səfər müddəti 6 gündən ibarətdir.
Türkiyədən Azərbaycana və əks istiqamətdə ixrac –idxal  yükləri  daşıyacaq qatarın müntəzəm olaraq fəaliyyət göstərməsi Bakı-Tbilisi– Qars dəmir yolu ilə daşınan yüklərin həcminin artmasına, bu xəttin imkanlarının genişlənməsinə və  rəqabətqabiliyyətinin güclənməsinə təkan verəcək.

Qeyd edək ki, Bakı-Tbilisi – Qars dəmir yolu ilə bu günə kimi 26 689 TEU konteyner daşınıb. Ötən il BTQ ilə daşınan konteynerlərin sayı 11 748 TEU olub. 2021 – ci ilin I –ci  rübündə 2020 – ci ilin müvafiq dövrü ilə müqayisədə 83 % artım olub.

TURKUAZ expres blok qatarı ilə həmçinin, Avropadan Türkiyənin Qara dəniz və Aralıq dənizi limanlarına gətirilən yüklərin Azərbaycana çatdırılması nəzərə  tutulur.
Qeyd etmək yerinə düşər ki, xüsusilə pandemiya dövründə, ölkələr arasında nəqliyyat əlaqələrinin məhdudlaşdığı bir şəraitdə dəmir yolu ilə daşımalar bir an da olsun dayanmadı və dəmiryolu öz effektivliyini bir daha göstərdi.

TURKUAZ exspres blok qatarı ilə gətirilən konteynerlər  Abşeron Logistika Mərkəzinə çatdırıldıqdan sonra burada yaradılmış müasir A+ kateqoriyalı anbarlara boşaldılacaq. Yüklər çeşidləndikdən sonra yük sahiblərinin ünvanlarına çatdırılacaq.