“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” dünyanın ən böyük gəmiçilik şirkətləri olan Maersk və Cosco ilə yeni layihələrə başlayır. Bu layihələr çərçivəsində dəniz xətləri və dəmir yolu vasitəsilə müxtəlif istiqamətlər üzrə konteynerlərlə yükdaşımaların həyata keçirilməsi nəzərdə tutulur.
Maersk və ADY Konteyner şirkətlərinin birgə səyi ilə ilk olaraq yüklərin konteynerlərlə İspaniyadan Qazaxıstanın Aktau limanına çatdırılması həyata keçiriləcək. Balıq yemi ilə yüklənmiş konteynerlər Maersk tərəfindən gəmi ilə Gürcüstanın Poti limanıan gətiriləcək. Burada konteynerlər platformalara yüklənərək “ADY Konteyner”in operatorluğu ilə dəmir yolu vasitəsilə Bakı limanına çatdırılacaq. Daha sonra konteynerlər gəmi ilə Bakı limanından Aktau limanına aparılacaq.
Cosco şirkəti ilə əməkdaşlıq çərçivəsində Qazaxıstandan çıxan konteyner qatarı dəmiryolu ilə Yalama stansiyasından Azərbaycana daxil olcaq, buradan isə Gürcüstanın Poti limanına çatdırılacaq. Daha sonra metallurgiya sənayesi məhsulları ilə yüklənmiş konteynerlərin gəmilərlə İtaliyaya çatdırılması nəzərdə tutulur. Yükdaşımanın Azərbaycan və Gürcüstan ərazisi ilə operatoru “ADY Konteyner” şirkətidir.
Maersk və Cosco şirkətləri ilə əməkdaşlıq Azərbaycan ərazisi ilə daşınan tranzit yüklərin həcminin artmasına və ölkəmizin ərazisindən keçən marşrutlara əlavə yüklərin cəlb edilməsinə töhfə verəcək.