Beynəlxalq sərgidə 18 ölkədən nəqliyyat sahəsində fəaliyyət göstərən 245 şirkət iştirak edib. Yük daşımaları sahəsində ixtisaslaşmış şirkətlər, beynəlxalq korporasiyalar, ekspeditor və logistik mərkəzləri sərgi pavilyonunda biznes müştərilər üçün öz xidmətlərini təqdim edib.
Avrasiya məkanının nəqliyyat sahəsində yaranmaqda olan yeni reallıqları “Şərq-Qərb” və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizlərinin geniş imkanlarını önə çıxarıb. Azərbaycan sözügedən dəhlizlər vasitəsilə müasir nəqliyyat qovşaqları və infrastrukturu ilə biznes tərəfdaşlar üçün getdikcə daha cəlbedici rol oynamaqdadır.
“Azərbaycan Dəmir Yolları” QSC və qurumun törəmə şirkətləri olan “ADY Ekspres” MMC və “ADY Konteyner” MMC sərgidə birgə stendlə təmsil olunaraq Azərbaycanın dəmir yolu sahəsindəki logistik imkanlarının təqdimatını keçirib. B2B (biznes tərəfdaşlarının ikitərəfli görüşü) görüşlərdə Azərbaycanın dəmir yolları vasitəsilə tranzit yüklərin daşınması və yük həcmlərinin artırılması, yeni yüklərin cəlb olunması məsələləri geniş müzakirə olunub.