Skip to main content
Xəbərlər

“Avropa İpək Yolu Sammiti”ndə Orta Dəhlizlə yükdaşımalar müzakirə olunub

By Dekabr 4, 2023No Comments

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-nin nümayəndələri 2023-cü ilin 29 noyabr-01 dekabr tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində təşkil edilən “Avropa Ipək Yolu Sammiti”ndə iştirak ediblər.

“ADY Konteyner” MMC-nin nümayəndəsi Rəşad Məcidov Azərbaycanın Orta dəhlizdəki əhəmiyyəti, dəhlizin funksionallığının və rəqabətliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə sammit iştirakçılarına məlumat verib. Avrasiya məkanındakı hazırkı geosiyasi durumda Orta dəhlizin digər alternativ marşrutlara nisbətən üstünlükləri və dəhliz üzrə kompleks logistik həllər müzakirə olunub. Orta dəhlizin Çin, Orta Asiya, Azərbaycan və Avropa ölkələri arasında ticarət dövriyyəsinin artmasında xüsusi rolu vurğulanıb.

Cari ilin 11 ayı ərzində Orta dəhlizdə keçən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycandan tranzit kecməklə qərb-şərq istiqamətində konteynerlərlə yükdaşımalarda 2 dəfədən cox və ya 127 faiz artım qeydə alınıb.