Türkiyənin İstanbul şəhərində keçirilən 17-ci “Logitrans-2022” Beynəlxalq Nəqliyyat və Logistika sərgisi çərçivəsində “Orta Dəhlizin İnkişafı: Tranzit və Nəqliyyat Əməkdaşlığı” üzrə panel sessiyası təşkil edilib. “Yeni imkanlar üfüqündə” mövzusunda təşkil edilən toplantıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun keçdiyi ölkələrin dəmir yolu idarələrinin nümayəndələri iştirak ediblər.
Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvlərindən biri olan “ADY Konteyner” MMC -nin direktoru Natiq Cəfərov Orta dəhlizlə daşımaların dinamikasını əks etdirən təqdimatla çıxış edib. Bildirilib ki, bu ilin 10 ayı ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteynerlərlə yükdaşımalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 fazi artıb. Yeni geosiyasi vəziyyətdə ölkəmizin Çin-Avropa və əks istiqamətdə nəqliyyat bağlantısının gücləndirilməsində rolunun artdığı, bu marşrut üzrə yüklərin daşınması prosesində davamlılığın təmin olunmasında əsas iştirakçılardan birinə çevrildiyi diqqətə çatdırılıb.
Marşrutun imkanlarının genişləndirilməsi müzakirə edilib. Çin-Avropa-Çin marşrutunun Xəzər dənizindən keçən hissəsində nəqliyyat bağlantısının gücləndirilməsi məqsədilə təşkil edilən fider xidmətlərinin önəmi vurğulanıb.