Oktyabrın 4-dən 6-dək Qazaxıstanın paytaxtı Astanada regional nəqliyyat və logistika sahəsində mühüm hadisələrdən biri – “Translogistika Qazaxıstan – 2023” sərgisi keçirilir. İyirmidən çox ölkədən 200-dən çox şirkəti, minlərlə iştirakçı və nümayəndəni bir araya gətirən tədbir nəqliyyat logistikası sahəsində innovasiyaların və perspektivli texnologiyaların, eləcə də yeni regional logistik marşrutların müzakirəsi və təşviqi məqsədilə təşkil edilib.
Sərgidə “Azərbaycan Dəmir Yolları” QSC və onun törəmə şirkətləri olan “ADY Express” MMC və “ADY Konteyner” MMC təmsil olunub. Azərbaycan dəmiryolçularının birgə stendi çoxlu sayda ziyarətnin marağına səbəb olub. Şirkət nümayəndələri nəqliyyat və logistika imkanlarımızı, eləcə də Orta dəhlizlə yüklərin daşınması üzrə qazandığımız təcrübəni təqdim edərək ziyarətçilərə Azərbaycan ərazisindən daşımaların səmərəliliyini nümayiş etdirirlər.
Sərgi çərçivəsində keçirilən görüşlər və danışıqlar zamanı ADY Express və ADY Konteyner nümayəndələri nəqliyyat sahəsində innovativ yanaşmalarla bölüşür və logistik xidmətlərini təqdim edirlər. Mütəxəssislərdən ibarət komandamız Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutlarına yüklərin cəlb edilməsi üçün ziyarətçiləri maraqlandıran sualları cavablandırır, məsləhətlər verir və yeni işgüzar əlaqələr qururlar.
Nəqliyyat həftəsi çərçivəsində Astanada “Yeni İpək Yolunda multimodal daşımaların tendensiyaları” adlı biznes forum da keçirilib. Bu tədbirdə xarici ölkələrin müxtəlif nazirliklərinin, işgüzar dairələrin nümayəndələri və iri şirkətlərin rəhbərləri iştirak edirlər.
Təcrübə mübadiləsi və yeni əlaqələrin yaradılması üçün Azərbaycan Dəmir Yolları nümayəndələrinin “Translogistika Qazaxıstan 2023” sərgisində və biznes forumda iştirakı ölkəmizdə nəqliyyat və logistika sahəsində gələcək inkişafın təmini, Mərkəzi Asiya regionu ilə əməkdaşlığn möhkəmləndirilməsi, Azərbaycan ərazisindən keçən tranzit marşrutlarının tanıdılması və tranzit yük axınının artırılması istiqamətində daha bir mühüm addım sayıla bilər.