1-3 iyun 2022-ci il tarixlərində Bakı Ekspo Mərkəzində 19-cu Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi keçirilir. Sərgidə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) xüsusi stendlə iştirak edir.
Bu beynəlxalq sərgidə Azərbaycan, Almaniya, Belarus, Yunanıstan, İtaliya, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin kommersiya şirkətləri ilə yanaşı, nəqliyyat-logistika, ekspedisiya, o cümlədən dəmir yolu sahəsində çalışan strukturlar, beynəlxalq korporasiyalar öz xidmətlərini, yeni texnologiya və avadanlıqlarını təqdim edirlər.
ADY-nin stendində onun törəmə şirkətləri olan “ADY Konteyner” və “ADY Ekspres” də təmsil olunurlar. Adıçəkilən tədbirdə dəmiryolçular iştirakçılara Azərbaycanın logistik imkanları barədə geniş məlumatlar təqdim edir, eləcə də bu istiqamətdə çap və audiovizual materiallar nümayiş etdirirlər.
Həmçinin tədbirdə iştirakçılara ölkəmizin tranzit imkanları barədə ətraflı məlumat veriləcək, eləcə də keçiriləcək çoxsaylı görüşlərdə, aparılan danışıqlarda Azərbaycanın dəmir yolları vasitəsi ilə tranzit yüklərin daşınması və yük həcmlərinin artırılması, yeni yüklərin cəlb olunması məsələləri diqqət mərkəzində olacaqdır.
“TransLogistica” sərgisi dəmir yolları, dənizçilik sənayesi və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarını birləşdirən səmərəli platformadır. Sərgi həm Azərbaycanın, həm də region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, eləcə də nəqliyyat texnologiyalarının ən son nümunələrini nümayiş etdirmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, məhsullar üçün yeni satış kanalları tapmaq, habelə dəmir yolları, dəniz limanları və logistika mərkəzlərinin tikintisi, eləcə də hərəkət heyətinin istehsalı və gəmiqayırma sahələrində təcrübə mübadiləsi üçün unikal imkan yaradır.