Skip to main content
Uncategorized

Azərbaycanın tranzit daşımaları “Logitrans Turkiye – 2023” sərgisində diqqət mərkəzində olub

By Noyabr 17, 2023No Comments

15-17 noyabr 2023-cü il tarixlərində İstanbulda illik “Logitrans Turkiye – 2023” nəqliyyat və logistika sərgisi keçirilir. Sərgi iştirakçıları arasında “Azərbaycan Dəmir Yolları” QSC və onun törəmə müəssisəsləri olan “ADY Konteyner” və “ADY Express” də olub. Sərgi logistika və nəqliyyat sənayesində əlamətdar hadisə hesab olunur və dünyanın hər yerindən bir çox şirkətləri cəlb edir.

“Logitrans Turkiye” sərgisi İstanbulun əsas sərgi kompleksi olan Yenikapı Avrasya Şou və İncəsənət Mərkəzində keçirilir və iştirakçılara nəqliyyat və logistika sahəsində ən son tendensiyaları və yenilikləri müzakirə etmək üçün unikal platforma təqdim edir. Sərgidə 20-dən çox müxtəlif ölkədən 200-dən çox şirkət iştirak edib ki, bu da onu ən böyük tədbirlərdən birinə çevirib. Üç gün ərzində tədbirə 3000-dən çox ziyarətçi gəlib ki, bu da logistika və nəqliyyatın inkişafına artan marağı göstərir.

“ADY Konteyner” və “ADY Express” şirkətlərinin nümayəndələri bu platformadan potensial tərəfdaşlar və müştərilərlə mühüm görüşlər və danışıqlar üçün istifadə ediblər. Danışıqlar zamanı əməkdaşlıq imkanları müzakirə edilib, həmçinin Azərbaycandan keçən beynəlxalq tranzit dəhlizlərinə yeni növ yüklərin cəlb edilməsinə diqqət yetirilib. Bu səylər Azərbaycan ərazisindən keçən beynəlxalq yükdaşımaların genişləndirilməsinə və inkişafına yönəlib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisələrinin “Logitrans Turkiye-2023” sərgisində iştirakı onların əməkdaşlığa hazır olduğunu və yükdaşıma coğrafiyasını genişləndirmək, Azərbaycan ərazisindən etibarlı və səmərəli tranzit daşımalarını təmin etmək niyyətini göstərir.