Cənubi Qafqaz regionunun biznes sahəsində əsas mükafatı olan “Navigator Business Award”-ın qalibləri elan edilib. Multimodal daşımalar üzrə ixtisaslaşmış, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC logistika sahəsində ilin ən yaxşı şirkəti nominasiyasına layiq görülüb.
Son illər Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkəmizin tranzit imkanlarının genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilib. Nəqliyyat sahəsinin inkişafı istiqamətində aparılan məqsədyönlü islahatlar nəticəsində ölkəmiz beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilib. Bu çağırışlara daha effektiv cavab vermək, multimodal daşımaları və artan yük həcmini səmərəli idarə etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 2017-ci ilin iyulunda “ADY Konteyner” MMC təsis edilib.
“ADY Konteyner” MMC Xəzər və Qara dəniz regionları, Avropa ölkələri, Mərkəzi Asiya, Uzaq Şərq və Fars Körfəzi ölkələri arasında multimodal konteyner daşımaları və logistika xidmətləri göstərir. Şirkət qısa müddət ərzində konteynerlə yük daşımalar sahəsində böyük uğurlara imza atıb. 2017-2018-ci illərdə əvvəlki dövrlə müqayisədə dəmir yolu ilə konteyner daşımalarında 4 dəfəyədək artım qeydə alınıb. Təkcə 2018 – ci ildə ölkəmizin ərazisindən keçən müxtəlif beynəlxalq nəqliyyat marşrutları ilə ümumilikdə 40.000 TEU daşıma həyata keçirilib. ADY Konteyner şirkəti uzun məsafəli blok qatarların təşkili üzrə də ölkədə liderdir. Hazırda şirkət Çindən Avropaya, Hindistan və Fars körfəzi ölkələrindən Rusiya və Şimali Avropaya konteyner blok qatarları təşkil edir. Bunalara misal olaraq, Çinin Lyanyunqanq, Çenqdu, Çonqçin, İvu, Şian, Urumçu və digər şəhərindən Bakı, Tbilisi, Poti, İstanbul, Mersin, Triyest, Odessa, Kiyev, Slavkov istiqamətlərində təşkil olunmuş 30-dan çox blok-qatar göstərmək olar.
Ölkəmizin tranzit potensialının artırılması istiqamətində əvəzsiz rolu olan iki böyük dəmir yolu layihəsinin, Bakı-Tbilisi- Qars və Astara-Astara dəmir yollarının istifadəyə verilməsi daşımaların həcminə əsaslı təsir göstərib. Belə ki, ADY Konteyner bu günədək BTQ və Astara dəmir yolu ilə 6000-dən çox konteyner daşıyıb. Bu rəqəmin hər il 2-3 dəfə artacağı gözlənilir.