Bakı Sərgi Mərkəzində XVIII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika – “TransCaspian 2019” sərgisi açılıb.
Sərgidə “Azərbaycan Dəmir Yolları” QSC və qurumun törəmə şirkəti olan “ADY Konteyner” MMC təmsil olunurlar.
Xəzəryanı regionda aparıcı nəqliyyat tədbiri sayılan “TransCaspian – 2019″ sərgisində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şimal-Cənub və Cənub-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ziyartəçilərə təqdim edilib.
Azərbaycanın tranzit daşımalardakı imkanlarını nümayiş etdirən “ADY” QSC və “ADY Konteyner” MMC-nin əməkdaşları, ölkənin Avropa ilə Asiya arasında əsas əlaqələndirici məntəqəyə çevrilməsi haqda ziyarətçilərə məlumatlar veriblər. Dəmir yolu daşımalarında yeni tərəfdaşlarla danışıqlarda yüklərin Azərbaycanın tranzit marşrutlarına cəlb olunması istiqamətində müzakirələr aparılıb.