Skip to main content
Uncategorized

“ADY” QSC, “ADY Konteyner” və “ADY Express” Avropanın ən böyük nəqliyyat sərgisində təmsil olunurlar

By Sentyabr 19, 2018İyul 7th, 2021No Comments

Almaniyanın paytaxtı Berlində “İnnoTrans-2018” Dəmir yolu nəqliyyatı və inovasiyaları sərgisi keçirilir. 18-21 sentyabr tarixlərində keçirilən Avropanın ən iri dəmir yolu nəqliyyatı sərgisinin işində  “ADY Konteyner” MMC –nin əməkdaşları da iştirak edir. Tədbirdə 70-dən artıq ölkədən 3000-dən artıq şirkət təmsilçisi dəmir yolu nəqliyyatlı sahəsində tətbiq edilən yeni texnologiyalar, daşıma mexanizmləri, dəmir yolu infrastrukturu, tikinti və yeni logistika istiqamətlərini təqdim edirlər.

“Azərbaycan Dəmir Yolları” QSC, “ADY Konteyner” və  “ADY Express”  şirkətləri, birgə təmsil olunduqları stenddə ilk növbədə Azərbaycanın nəqliyyat sahəsində əldə etdiyi uğurlar, ölkəmizin tranzit potensialı və yeni layihələr haqqında məlumatlarla bölüşüblər. Azərbaycan təmsilçiləri Bakı-Tbilisi-Qars, Astara-Astara kimi dəmir yolu layihələri, Avropa-Qafqaz-Asiya, Şimal-Cənub və Cənub-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizləri haqqında sərgi iştirakçılarına geniş məlumatlar təqdim edərək, yük sahibləri və loqistika sahəsində fəaliyyət göstərən iri alman və beynəlxalq şirkətlərlə danışıqlar aparıblar.

Bununla yanaşı, ADY Konteyner MMC-nin əməkdaşları, sərgi iştirakçılarına  şirkətin fəaliyyəti, Azərbaycanın iştirak etdiyi Beynəlxalq Nəqliyyat Marşrutlarında həyata keçirdiyi yükdaşımalar, ölkəmizdə konteynerləşdirmə üzrə institusional və infrastruktur islahatları barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, 200 min kvadrat metrə sahədə yerləşən 50-ə yaxın pavilyonda bütün qitələri  – Asiyadan tutmuş Şimali və Cənubi Amerikaya qədər ölkələri təmsil edən şirkətlər arasında, Azərbaycan dəmiryolçularının stendinə diqqət olduqca böyükdür. Azərbaycanda  dəmir yolunun inkişafı, beynəlxalq daşımalar sahəsində əldə edilən nailiyyətlər və həyata keçirilən irimiqyaslı layihələr sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır.

Leave a Reply