Skip to main content
Uncategorized

Avropanın aparıcı dəmir yolu şirkətləri ilə əlaqələr genişləndirilir

By Fevral 19, 2020İyul 6th, 2021No Comments

“Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndə heyəti Slovakiya Respublikasında səfərdədir. Qurumun sədr müavini İqbal Hüseynov,  Avropadakı nümayəndəsi Fərəc Haqverdiyev və “ADY Konteyner” şirkətinin direktoru Natiq Cəfərovdan ibarət nümayəndə heyəti Mərkəzi Avropanın aparıcı dəmir yolu və logistika şirkəti olan Metransın rəhbərliyi ilə görüş keçirərək qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi  aparıblar. Metrans Hamburq limanını idarə edən Almaniyanın HHLA nəqliyyat və logistika şirkətinə məxsusdur. Görüşdə Metransı icraçı direktor Peter Kiss, şirkətin biznesin inkişafı üzrə səlahiyyətli nümayəndələri Martin Koubek və Stefan Esztergalyos təmsil ediblər.

Metrans konteynerlə yükdaşımalar və logistika xidməti göstərən beynəlxalq intermodal dəmir yolu şirkətidir. 25 ildən çox tarixə malik olan bu şirkət Avropanın ən böyük dəmir yolu və terminal şəbəkəsinə malikdir.

Şirkət Avropa qitəsində əsasən Çexiya, Slovakiya, Macarıstan, Almaniya, Niderland, Avstriya, Belçika, Sloveniya, Polşa və İtaliya ərazisində dəmir yolu ilə yükdaşıma, həmçinin Almaniya, Niderland, İtaliya və Xorvatiya limanlarından konteyner yüklərinin Avropa qitəsinin daxilində nəql olunması xidmətləri göstərir.

Görüşdə Metrans və Azərbaycan Dəmir Yolları arasında əməkdaşlıq məsələləri müzakirə edilib. İqbal Hüseynov ölkəmizdə dəmir yolu ilə yükdaşımaların həcminin artırılması istiqamətində aparılan islahatlar,  “ADY Konteyner” şirkətinin direktoru Natiq Cəfərov isə ölkəmizin ərazisindən keçən Beynəlxalq Nəqliyyat Dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti barədə ətraflı məlumat verib.

Qeyd edək ki, Avropanın aparıcı dəmir yolu və logistika şirkətləri ilə əməkdaşlıq Azərbaycandan tranzitlə  keçməklə Avropadan Orta Asiya və Çinə, həmçinin əks istiqamətdə konteyner daşımalarının həcminin artırılmasına təkan verəcək.

 

Leave a Reply