Skip to main content
Uncategorized

Azərbaycan dəmiryolçuları Yaponiyada mühüm görüşlər keçiriblər

By Noyabr 25, 2019İyul 6th, 2021No Comments

Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət komissiyasının 10-cu iclasında iştirak edən Azərbaycan Dəmir Yollarının nümayəndələri Yaponiyanın biznes dairələrinin nümayəndələri ilə də bir sıra görüşlər keçiriblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov, “ADY Express” və “ADY Conteiner” MMC-lərin rəhbərləri Tokioda 10-dan artıq iri yük sahibləri və loqistik şirkətlərinin rəhbər heyətləri ilə danışıqlar aparıblar.“JR-Freight Railway”, “HİS Corporation”, “Yusen Logistics”, “Nippon Freight Railway Co”, “Nissin Corporation”, “Toyo Trans Corporation”, “İTOCHİ Cooperation”, “JETRO”, kimi iri biznes nümayəndələri ilə yanaşı, Azərbaycan dəmir yollarının nümayəndə heyəti Yaponiyanın Torpaq, İnfrastruktur və Nəqliyyat nazirliyində də maraqlı görüşlər keçiriblər.

Aparılan danışıqlarda Azərbayacanla Yaponiya arasında nəqliyyat, logistika və dəmir yolları vasitəsi ilə yükdaşımalar sahəsində əməkdaşlıq məsələləri əsas müzakirə mövzusu olub. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi və Azərbaycan dəmir yollarının, “Transsibir daşımaları üzrə Koordinasiya Şurası” beynəlxalq assosiasiyanın tamhüquqlu üzvü olduqdan sonra Uzaq Şərq regionu və regionun aparıcı ölkələrindən olan Yaponiyadan, Türkiyə, Cənubi Avropa və Balkan ölkələri, eyni zamanda aralıq dənizi hövzəsi ölkələrinə yüklərin nəqli məsələsi diqqəti cəlb etməyə başladı. Azərbaycan dəmiryolçularının təklif etdiyi marşrut, Yaponiya-Rusiya-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa marşrutu. Belə ki, yüklər Yaponiyadan bərələr vasitəsi ilə, Rusiyanın Vladivostok şəhərinə, oradan isə dəmir yolu, Transsibir magistralı ilə, hərərkət ediləcək. Rusiyadan sonra yüklərin Azərbaycana, Gürcüstana və Bakı-Tbilisi-Qars dəmir yol xətti ilə Türkiyəyə və daha sonra Avropaya nəqli təklif edildi. Təkçə ötən il ərzində, Transsibir magistralı ilə daşınan tranzit yüklərin 30 faizi Yaponiyadan nəql olunan yüklərin payına düşüb. Bu xəttə yük qatarlarının sürəti sutkada 1100 km olduğundan, və yaxın zamanlarda sürətin daha da artırılacağını nəzərə alaraq, Azərbaycan dəmiryolçularının təklifləri bir sıra üstünlüklərinə görə Yaponiya biznes dairələri tərəfindən maraqla qarşılanıb. Azərbaycanın təşəbbüskarı olduğu, yeni nəqliyyat marşrutunun – “Şimal – Qərb” dəhlizinin, digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Hazırda Vladivostok-Bakı-Avropa marşrutu ilə yüklərin nəqli 21 günə həyata küçirmək mümkündürsə, Süveyş kanalı vasitəsi ilə həmin yüklərin daşınması 45 günə mümkündür. Yaxın gələcəkdə magisrtalda sürət artıqca, Şimal-Qərb marşrutu ilə yüklərin nəqlini 17 günə həayata keçirmək mümkün olacaq.  Nəzərə alınsa ki, Yaponiya ilə Avropa Birliyi arasında illik yük dövriyyəsi 15 mln tondan artıqdır, Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutuna həmin yüklərin bir qismini cəlb etmək mümkün olacaq.

Tokioda aparılan danışıqlarda, yüklərin nəqli mexanizmləri, tariflər, tranzit vaxtı və digər mühüm məsələlər müzakirə olunaraq, əlaqələrin yaxın zamanlarda davam etdirilməsinə dair qərarlar qəbul olunub. Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Leave a Reply