Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) “Çin Dəmir Yolları” dövlət korporasiya şirkətinin nümayəndə heyətinin rəhbəri Huan Sin ilə görüş olub. Görüşdə ikitərəfli əməkdaşlığın mümkün perspektivləri, hər iki ölkənin dəmir yolu sahəsində həyata keçirilən yeniliklər müzakirə olunub.
ADY sədri Rövşən Rüstəmov ölkəmizin genişlənməkdə olan nəqliyyat-logistika imkanları, beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirakı, dəmir yolu nəqliyyatı ilə yükdaşımaların artırılması istiqamətində atıla biləcək addımlardan söhbət açıb. O qeyd edib ki, cari ildə Çinlə Azərbaycan arasında dəmir yolu nəqliyyatı vasitəsilə yük dövriyyəsinin artımında xeyli irəliləyiş müşahidə olunub. Belə ki, idxal daşımalarda ötən ilin analoji dövrü ilə müqayisədə 549%, ixrac daşımalarda isə 331% artım qeydə alınıb. Ümumilikdə isə ötən ilin eyni dövrü ilə müqayisədə iki ölkə arasında dəmir yolu nəqliyyatı ilə yükdaşımalar 47% artıb.
Görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yüklərin daha sürətlə və təhlükəsiz daşınması, o cümlədən əlavə yüklərin cəlb olunması istiqamətində məhsuldar müzakirələr aparılıb. Belə ki, hər iki ölkənin gömrük və sərhəd məntəqələrində qatarların operativ yoxlanılaraq mənzilbaşına yola salınması, konteyner qatarlarının gündəlik təhvil-təslim qabiliyyəti, lokomotivlərin yerdəyişmə prosesi, yüklərin və vaqonların təhvil-təslim edilməsi və digər sahələrdə görülən yeniliklərdən danışılıb. Bildirilib ki, Azərbaycanda tranzit-logistika prosesində iştirak edən qurumların məlumat mübadiləsini və işlərinin koordinasiyasını təmin edən İşçi qruplarının yaradılması ilə son aylarda yaranmış multimodal daşımalar üzrə tələblər qarşılanıb və tranzitin artırılmasına imkan yaradılıb.
ADY-də yükdaşımaların fasiləsizliyini və tranzit vaxtının optimallaşdırılmasını təmin etmək məqsədilə marşrut üzrə infrastruktur məhdudiyyətlərinin aradan qaldırılması, sənəd dövriyyəsinin elektronlaşdırılması, yük sahibləri üçün “ADY Smart” proqramının tətbiqi, əməliyyatların bütün marşrut üzrə sinxronlaşdırılması, hərəkət heyətinin marşrut üzrə səmərəli bölüşdürülməsi üçün tərəfdaş ölkələrlə birgə tədbirlər planı hazırlanaraq həyata keçirilir.