Skip to main content
Uncategorized

Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim edilib

By Sentyabr 19, 2018İyul 7th, 2021No Comments

Sentyabrın 18-də, İsveçrənin Sürix şəhərində, İsveçrə-Çin Birgə Ticarət Palatasının və Azərbaycanın İsveçrədəki səfirliyinin təşkilatçılığı ilə III “Yeni İpək Yolu” forumu keçirilib. Forum   “Çinin “Bir kəmər, bir yol” təşəbbüsü: Rusiya, Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə  Çinlə  Avropa arasında infrastruktur, energi və ticarət əlaqələrinin yaradılması” mövzusunda baş tutub. Tədbirdə ölkəmizi “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov təmsil edib. Natiq Cəfərov “Bakı-Tbilisi-Qars Dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı: Şərqlə Qərbi birləşdirən layihələr ” mövzusunda çıxışında Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində və qeyri-neft sektorunun inkişafında nəqliyyat sektorunun əhəmiyyətini vurğulayıb və Azərbaycanın transregional nəqliyyat bağlantılarının daha da gücləndirilməsinə verdiyi töhfə barədə danışıb. O, Azərbaycanın həyata keçirdiyi regional layihələri və İsveçrə şirkətləri üçün yaranan biznes perspektivlərini qeyd edib, eləcə də əlverişli geostrateji mövqeyə malik olan ölkəmizdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, respublikamızın tranzit potensialının reallaşdırılması, nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində görülmüş işlər barədə məlumat verib. Qeyd edilib ki, Transxəzər Şərq-Qərb ticarət və tranzit dəhlizi Çinlə Avropa arasında ən qısa marşrut olduğundan, tranzit və yükdaşıma baxımından da səmərəlidir. Şərq-Qərb nəqliyyat dəhlizinin tranzit müddəti 15 gündür. Dəhliz boyu sabitlik, təhlükəsiz daşınma, dəhliz dövlətləri arasında sıx əməkdaşlıq, müasir standartlara cavab verən infrastruktur Şərq-Qərb nəqliyyat dəhlizinin önəmini daha da artırır. Bu dəhliz Çinin “Bir kəmər – Bir yol” təşəbbüsünün mühüm komponentinə çevrilib. Natiq Cəfərov dəhliz üzrə daşımaların artırılması imkanları, marşrut boyu “bir pəncərə” sisteminin tətbiqi, regional tərəfdaşlığın gücləndirilməsi, regionda həyata keçirilən infrastruktur layihələri barədə də məlumat verib. Tədbir iştirakçılarının suallarını cavablandırıb.

Leave a Reply