Skip to main content
Xəbərlər

Azərbaycanın tranzit imkanları “TransLogistica Uzbekistan 2023” sərgisində təqdim olunur

By Noyabr 2, 2023No Comments

2023-cü il noyabrın 1-dən 3-dək Özbəkistanın paytaxtı Daşkənd regional logistika və nəqliyyat mərkəzinə çevrilib. Burada 19-cu beynəlxalq “TransLogistica Uzbekistan 2023” sərgisi keçirilir. Tədbir müxtəlif ölkələrdən nəqliyyat və logistika sahəsini təmsil edən aparıcı şirkətləri bir araya gətirib. Sərgidə 15 ölkədən 200-dən çox şirkət iştirak edir və üç günü ərzində 3000-dən çox ziyarətçinin sərgiyə baş çəkəcəyi gözlənilir.

Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC və onun törəmə şirkətləri olan “ADY Konteyner” və “ADY Express” də iştirak edir. Bu şirkətlər yükdaşıma və logistika sahəsində öz qabaqcıl təcrübələrini bölüşürlər. Bundan əlavə, Azərbaycan ərazisindən keçən mühüm tranzit dəhlizlərinin əsas iştirakçıları kimi çıxış edərək bu nəqliyyat marşrutlarının imkanlarını təqdim edirlər.

Keçirilən görüşlər və danışıqlar zamanı nümayəndələrimiz müxtəlif sahələri əhatə edən geniş çeşiddə logistik xidmətləri sərgi iştirakçılarına təklif edirlər.

“ADY Konteyner” və “ADY Express” şirkətlərinin nümayəndələri sərgidə fəal iştirak edir, çoxsaylı görüşlər və tərəfdaşlarla danışıqlar aparırlar. Sərgi ilə paralel keçirilən nəqliyyat və logistika forumu təcrübə mübadiləsi, gələcək əməkdaşlıqla bağlı məsələləri müzakirə etmək üçün əlavə bir imkandır.

“TransLogistica Uzbekistan 2023” sərgisi və nəqliyyat və logistika forumu mühüm regional tədbirlərdən biridir və sahənin əsas iştirakçıları arasında qarşılıqlı əlaqə üçün platforma yaradır.

Azərbaycan nümayəndələri bu fürsətdən istifadə edərək yeni tərəfdaşlar qazanmaq və ölkəmizin ərazisindən keçən tranzit marşrutlarına əlavə yüklərin cəlb edilməsi istiqamıtində fəaliyyət göstərirlər.