Gürcüstanın paytaxtı Tbilisi şəhərində, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsi üzrə Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsi üzrə Əlaqələndirmə Şurasının həmsədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, gül dəstələri düzüblər.
Tədbirdə Gürcüstan İqtisadiyyat və davamlı inkişaf nazirinin müavini, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsi üzrə Əlaqələndirmə Şurasının həmsədri Georgi Çerkezişvili Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikintisinin vacibliyindən danışıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsi üzrə Əlaqələndirmə Şurasının həmsədri Cavid Qurbanov iki dövlət arasında münasibətlərindən, dövlət və hökumət rəhbərlərinin bu layihəyə diqqətindən, eləcə də hər iki xalqın tarixi dostluğundan danışıb. O bildirib ki, bu gün Azərbaycan və Gürcüstanın birgə reallaşdırdığı Bakı-Tbilisi-Qars və digər layihələr xalqlarımızın rifah halının yaxşılaşmasına xidmət edir. İnanırıq ki, BTQ, eləcə də digər layihələr təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avropanın inkişafında, Avropa ilə Asiyanın birləşməsində mühüm rol oynayacaq.
Sonra Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Marabdadan Türkiyə sərhədinə qədər olan hissəsində gedən reabilitasiya, yenidənqurma və yolun tikintisi, “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin 2017-ci il üçün büdcəsi, Zalqa-Axalkələk keçid məntəqəsinin vəziyyəti, Axalkələk-Kartsaxi yolunda yeni infrastrukturun tikintisi və s. məsələlər müzakirə olunub.
İclasda Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev, maliyyə nazirinin müavini Emin Hüseynov, Dövlət Neft Fondunun layihələr şöbəsinin müdiri Rəhim Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.