Hindistanın Mumbay, Şri Lankanın Kolombo və Banqladeşin Çittaqonq limanlarının nümayəndələrindən ibarət tədqiqat qrupu iki ay ərzində ADY Konteyner MMC-də tədqiqat işləri aparıblar. Tədqiqatın məqsədi Azərbaycanın da iştirakçısı olduğu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin imkanlarının araşdırılması, bu dəhlizə əlavə yüklərin cəlb olunması perspektivlərinin öyrənilməsi olub.
Tədqiqatçılar xüsusi olaraq bu limanlardan seçiliblər. Belə ki, bu limanların yerləşdiyi ölkələr Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə əlavə yük dövriyyəsinin cəlb olunması baxımından böyük önəm kəsb edir.
Missiyanın 2019-cu il 27 dekabr tarixdə keçirilmiş yekun tədbiri zamanı tədqiqatçılar öz araşdırmalarının nəticələrini təqdim edərək, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin imkanlarının genişləndirilməsi üzrə tövsiyələrini veriblər.
Hazırkı tədqiqat missiyası ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri ilə multimodal konteyner yükdaşımalarının həcminin artırılması məqsədilə ADY Konteyner MMC tərəfindən həyata keçirilən tədqiqat və inkişaf tədbirlərinin tərkib hissəsidir.