“Azərbaycan Dəmir Yolları” QSC-də Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib.
Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.
Son vaxtlar Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışan C. Qurbanov bildirib ki, bu marşrut Çindən Türkiyəyə və eləcə də Avropaya, həmçinin əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Sözügedən marşrut üzrə ilk sınaq konteyner qatarı 2015-ci ildə fəaliyyətə başlayıb. Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə yaranan marşruta sonra Ukrayna da qoşulub. Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə konteyner qatarlarının Çindən birbaşa Avropaya və Aralıq dənizinə getməsi mümkün olacaq.
Cavid Qurbanov Cənub-Qərb Nəqliyyat Dəhlizindən də söz açıb. Onun sözlərinə görə, bu Dəhliz Avropa Birliyi ilə Hindistan arasında yüklərin daşınmasına hesablanıb. Cənub-Qərb Nəqliyyat Dəhlizi İran, Azərbaycan, Gürcüstan, Ukrayna vasitəsilə Hindistandan Avropaya və əks istiqamətdə yüklərin daşınmasında vaxt itkisini azaldır. İkin hesablamalara əsasən bu dəhliz üzrə yük daşımaları 7 gün ərzində həyata keçirmək mümkün olacaqdır.
Sonra Ukrayna-Azərbaycan əməkdaşlığının cari vəziyyətinin və BTNM çərçıvəsində əməkdaşlığın dərinləşdirilməsi üçün atılan praktik addımların müzakirəsi aparıldı.
Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko çıxış edərək Azərbaycanla ikitərəfli əməkdaşlığın daha da intensivləşdirilməsində, Ukrayna və Azərbaycan arasında ticarət dövriyyəsininin artırılması üçün Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun imkanlarının daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.