Türkiyənin paytaxtı Ankara şəhərində “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə respublikalarının dəmir yolu və dəniz daşımaçılığı ilə məşğul olan şirkətlərinin rəhbərləri iştirak ediblər.
Yığıncaqda ölkəmizi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbirdə “TCDD Daşımaçılık” SC-nin “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin daimi üzvlüyünə qəbul edilməsi haqqında; “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası HŞB İdarə Heyətinə edilmiş dəyişikliklərin təsdiq edilməsi haqqında; 2017-ci ildə və 2018-ci ilin yanvar ayında BTNM üzrə daşınan yüklərin həcminə dair hesabat; Texnoloji məsələlərin, BTNM üzrə yüklərin çatdırılma müddətinin, vaqon (platforma, yarımvaqon) parkının genişləndirilməsi məsələlərinin müzakirəsi, Xəzər dənizindəki limanlarda iş reqlamentinin (məsuliyyət, vaqonların verilmə növbəsinin müəyyən edilməsinin) təsdiq edilməsi haqqında; 2018-ci il üçün tariflərin təsdiq edilməsi haqqında; 2018-ci ilin ilk rübündə planlaşdırılan marketinq tədbirlərinin müzakirəsi; Maliyyə-təsərrüfat auditi üzrə maliyyə hesabatının təsdiq edilməsi haqqında və digər məsələlər müzakirə olunub.
Məlumat verilib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların effektivliyinin artırılması və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün böyük potensial mövcuddur. Bu dəhlizin daha da inkişaf etdirilməsi üçün iştirakçı ölkələr tərəfindən ardıcıl tədbirlər görülür. BTNM-in rəqabət qabiliyyətinin artırılması istiqamətində ən mühüm nailiyyətlərdən biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsidir. Bakı-Tbilisi-Qars dəmir yolu, təkcə Azərbaycan, Gürcüstan və Türkiyə arasında deyil, Avrasiya regionunda əməkdaşlığın və ticarətin inkişafına töhvə verməklə, Avropa ilə Asiya arasında yükdaşımaların həcminin artmasına şərait yaradır.
Müzakirələrdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutundan səmərəli istifadəsi, dəhlizin potensialından istifadə edilməsinin, bu marşruta yük axınının cəlb edilməsinin zəruriliyi vurğulanıb.
İki gün davam edən yığıncağın sonunda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinin prezidenti Kanat Alpısbayev, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri David Peradze, Türkiyə Cümhuriyyəti Dövlət Dəmir Yolunun yük daşımaları üzrə baş direktoru Veysi Kurt, “Aktau Beynəlxalq Dəniz Ticarət Limanı” SC-nin sədri Abay Turikpenbayev, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və Batumi Dəniz Limanının baş direktoru Daniyar Muxamed-Raximin iştirakı ilə “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası HŞB-nin Ümumi yığıncağının protokolunun və Türkiyə Cümhuriyyəti Dövlət Dəmir Yollarının “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası HŞB-nin daimi üzvlüyünə daxil edilməsi haqqında müqavilənin imzalanması mərasimi keçirilib.