“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC marşrutların diversifikasiya və ölkəmizin tranzit imkanlarının artırılması istiqaqamətində tədbirləri davam etdirir. Türkiyənin Ankara şəhərindən Çinin Sian şəhərinə hərəkət edən qatar “ADY Konteyner” MMC-nin Türkiyədəki, Gürcüstandakı və Qazaxıstandakı tərəfdaşları ilə birgə təqdim etdiyi yeni logistik məhsuldur.
Qatar hər biri 40 fut olan, 42 konteynerdən ibarətdir. Yükü sənayedə istifadə olunan qeyri-üzvi birləşmələr olan Türkiyənin bu növbəti ixrac qatarı Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edərək Bakı Limanına çatdıqdan sonra fider gəmisi vasitəsilə Qazaxıstanın Aktau limanına yola salınacaq.
Qatarın operatorları Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) şirkətləridir.
Qatar ümumilikdə 7 min 792 kilometr yol gedəcək.