Hindistanın paytaxtı Nyu – Delhidə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin uğurlu inkişafı” mövzusunda beynəlxalq seminar-təqdimat keçirilir. Rusiyanın Nəqliyyat nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azrbaycan, Hindistan, İran, Rusiya, Belorusun nəqliyyat-logistik şirkətlərinin, dövlət orqanlarının nümayəndələri iştirak edirlər.
Ölkəmizi tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkətləri olan “ADY Konteyner” MMC və “ADY Express” MMC təmsil edir. “ADY Konteyner” MMC-nin əməkdaşı Cavid Həbibov seminarda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında Azərbaycanın rolu mövzusunda çıxış edib. O, çıxışında beynəlxalq nəqliyyat dəhlizinin logistik imkanları barədə geniş məlumat verib. Azərbaycanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi istiqamətində gördüyü işlərdən danışıb.