Fevralın 21-də Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Mayonun iştirakı ilə keçirilmiş biznes forumda iqtisadiyyatın bir çox sahələri ilə yanaşı dəmir yolu ilə multimodal yükdaşımalar sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub.
“ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov forumda çıxış edərək “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən son dövrlər ərzində multimodal yükdaşımalar sahəsində həyata keçirilmiş infrastruktur və institusional inkişaf tədbirləri barədə iştirakçılara məlumat verib. Çıxışda Azərbaycan-Avropa istiqamətində “Azərbaycan Dəmir Yolları” QSC-nin təqdim etdiyi son logistik məhsullar, İtaliya üçün daha çox maraq kəsb edən Şərq-Qərb nəqliyyat dəhlizi üzrə həyata keçirilən konteyner yükdaşımaları sahəsi üzrə tədbirlər iclas iştirakçılarının diqqətinə çatdırılıb. Italiyanın Trieste və Bari limanlarından Türkiyənin əsasən Derince və Mersin limanlarına göndəriləcək yüklərin “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Türkiyə-Gürcüstan-Azərbaycan ərazisi, buradan isə Orta Asiya istiqamətlərində daşınması üçün imkanların olduğu qeyd edilib.
Daha sonra forum tərəflərin nümayəndələri arasında işgüzar görüşlərlə davam etdirilib.