Dekabrın 16-da Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “İxraca nəqliyyat və logistika dəstəyi üzrə imkanlar” mövzusunda təqdimat tədbiri keçirilib. Əsasən ixrac məhsulları istehsalçılarının iştirak etdiyi tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-nin nümayəndələri şirkətin xidmətləri və logistik məhsullar barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Tədbirdə Azərbaycanda fəaliyyət göstərən, ixrac potensialı yüksək olan şirkətlərin məhsullarının xarici bazarlara çıxarılması üçün dəmir yolu ilə alternativ və daha sərfəli xidmətlər təklif edilib. “ADY Konteyner” MMC-nin nümayəndələri sahibkarlara Bakıdan və şirkətin Sumqayıtda fəaliyyət göstərən terminalından Çin, Rusiya, Türkiyə, İran, Avropa ölkələri istiqamətində daşıma qiymətləri, xaricdəki tərəfdaşları ilə işgüzar əlaqələri, bağlanan müqavilələr, yüklərin dəmir yolu ilə daşınmasının üstünlükləri, konteyner inventarı barədə məlumat veriblər, onları maraqlandıran sualları cavablandırıblar. Sahibkarlar, əsasən, yüklərin çatdırılma vaxtı, qiymət, təhlükəsizlik, həmçinin konteynerlərin marşrut boyu izlənilməsi kimi məsələlərlə maraqlanıblar. Tərəflər yeni logistik məhsulların yaradılması, yüklərin daha tez və ucuz çatdırılmasının yollarını müzakirə ediblər. Hər iki tərəf üçün faydalı olan belə görüşlərin mütəmadi olaraq keçirilməsi barədə razılıq əldə edilib.