Skip to main content
Uncategorized

“Sian-Bakı” blok qatarının marşrutu Slavkov Avroterminalına qədər uzadılacaq

By Sentyabr 13, 2019İyul 6th, 2021No Comments

Polşanın Krakov şəhərində nüfuzlu, sayca 3-cü  Dəmiryolu İqtisadi Forumu keçirilib. Avropa-Asiya marşrutu üzrə yükdaşımaların həcminin artırılmasında maraqlı olan Asiya, Şərqi və Qərbi Avropa ölkələrinin logistik operatorları, dəmir yolu şirkətlərinin  qatıldığı forumda  ölkəmizi “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-nin nümayəndələri  təmsil edib.

Forumda tədbirin keçirildiyi Polşanın Şimal-Cənub və Şərq-Qərb marşrutlarının kəsişməsində yerləşdiyi qeyd edilib. Ötən il Çindən Avropaya göndərilən 6300-dən çox qatarın təxminən 90 faizinin  Polşa ərazisindən keçdiyi  və bu rəqəmin artmaqda olduğu vurğulanıb.
Tədbir iştirakçıları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteyner daşımalarının həcminin artırılması istiqamətində atılan addımlardan – yeni infrastrukturun yaradılması, fider gəmilərin xəttə buraxılması, idarəetmə sisteminin modernləşdirilməsi kimi məsələləri də qeyd ediblər. Forumda Orta koridorla dəmir yolu daşımalarının inkişafına verilən dövlət  dəstəyinin əhəmiyyəti xüsusi vurğulanıb.
Slavkov Avroterminalının  marşrutların diversifikasiyasında vacib rol oynadığı, terminalın logistik qovşaq kimi imkanlarının genişləndirilməsinin vacibliyi qeyd edilib. “ADY Konteyner” MMC-nin direktoru N. Cəfərov şirkətin Slavkov terminalından İranın Astara stansiyasına sınaq məqsədli konteyner daşımasını uğurla  həyata keçirdiyini bildirib. Beynəlxalq tərəfdaşların iştirakı ilə həyata keçirilən daşıma zamanı konteynerin 3396 kilometri 9 günə qət etdiyini qeyd edib. Bildirilib ki, hazırda “Sian-Bakı” konteyner blok qatarının marşrutu Ukrayna və Türkiyəyə qədər çatdırılıb.  Marşrutun Slavkov Avroterminalına  qədər uzadılması məsələsi gündəmdədir. Həmçinin  “Slavkov-Bakı – Orta Asiya” marşrutu üzrə müntəzəm konteyner blok qatarlarının buraxılması nəzərdə tutulur.

III Dəmiryolu İqtisadi Forumunun işində  Çindən, Qazaxıstandan, Azərbaycandan, Gürcüstandan, Ukrayna və Polşadan olan 100-dən çox nümayəndə iştirak edib.

 

Leave a Reply