Skip to main content
Uncategorized

Tbilisidə BTQ dəmir yolu layihəsi üzrə Koordinasiya şurasının növbəti iclası keçirilib

By Mart 5, 2018İyul 7th, 2021No Comments

Bu gün Tbilisidə (Gürcüstan) Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib.

İclasda Gürcüstan Respublikası baş nazirinin I müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili Azərbaycanla Gürcüstan arasında iqtisadi, siyasi və mədəni əlaqələrdən danışıb, BTQ dəmir yolunun və digər regional layihələrin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadiğını bildirib.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə son görüşünü xatirladıb, dövlət başçısının BTQ layihəsinə göstərdiyi diqqəti yüksək qiymətləndirib.

İclasda iştirak edən Azərbaycanın iqtisadiyyat naziri, Tranzit və Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev isə bildirib ki, bu gün Azərbaycan və Gürcüstanın birgə reallaşdırdığı BTQ və digər layihələr iki xalqın rifahının yaxşılaşmasına xidmət edir: “İnanırıq ki, BTQ, eləcə də digər layihələr təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avropanın inkişafında, onun Asiya ilə birləşməsində mühüm rol oynayacaq”.

Sonra iclasda BTQ-nin Marabdadan Türkiyə sərhədinə qədər olan hissəsində gedən reabilitasiya, yenidənqurma işləri və yolun tikintisi, “Marabda-Kartsaxi” dəmir yolunun 2018-ci il üçün büdcəsi, Marabda-Turkiyə dəmir yolunun yeni bərpa və yenidənqurma işləri, Axalkaliki-Kartsaxi yolunda yeni infrastrukturun tikintisi və s. məsələlər müzakirə olunub. Həmçinin Koordinasiya Şurasının qərarlarının icrası və digər məsələlərə də baxılıb.

İclasda Azərbaycan tərəfdən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov, Xarici İşlər, Maliyyə Nazirliklərinin məsul əməkdaşları, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.

Leave a Reply