2019-cu ilin 21-22 oktyabr tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçirilən “Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi” Beynəlxalq Assosiasiyasının İnkişafı üzrə işçi qrupun növbəti iclasında “ADY Konteyner” MMC-ni cəmiyyətin direktoru Natiq Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
İclasda “Orta dəhliz”ə yeni növ yüklərin cəlb olunması və 2020-ci il üçün vahid şəffaf tarif siyasəti məsələləri müzakirə olunub.
Görüş çərçivəsində Ukraynanın “TIS Konteyner Terminalı” və “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin Beynəlxalq Assosiasiyaya qəbul olunması barədə qərar verilib.
Azərbaycan və Qazaxıstan limanları arasında “Orta dəhliz”də daşınmaların ümumi effektivliyinin artırılması və konteyner daşımalarının asanlaşdırılması məqsədilə avtomatik məlumat mübadiləsi barədə razılıq əldə olunub.
Toplantıda Gürcüstan, Azərbaycan, Qazaxıstan, Ukrayna, Polşa, Türkiyədən olan dəmir yolu idarələrinin nümayəndələri, liman və loqistika şirkətlərinin 60-dan çox təmsilçisi iştirak edib.
İşçi qrupun toplantısının yekununda protokol imzalanıb.