Türkiyənin İstanbul şəhərində 10-12 noyabr 2021-cı il tarixlərində ənənəvi “Logitrans – 2021” Beynəlxalq Nəqliyyat və Logistika sərgisi keçırılir. Tədbirdə 50-yə yaxın ölkədən 250-dən artıq şirkət iştirak edir. Sərgidə nəqliyyat sahəsində tətbiq edilən yeni texnologiyalar, daşıma mexanizmləri, dəmir yolu infrastrukturu, tikinti və yeni logistika istiqamətləri təqdim edilir.
“Logitrans – 2021”-in işində “Azərbaycan Dəmir Yolları” QSC və onun törəmə şirkətləri olan “ADY Express” və “ADY Konteyner” şirkətləri birgə stendlə təmsil olunurlar. Stenddə Azərbaycanın nəqliyyat-logistika imkanları, ölkəmizin ərazisindən keçən tranzit dəhlizləri və yeni layihələr haqqında məlumatlar yer alıb. Azərbaycan dəmiryolçuları ziyarətçilərə Bakı-Tbilisi-Qars dəmir yolunun üstünlükləri, bu dəmir yolu xəttinə yeni yüklərin cəlb edilməsi, Avropa-Qafqaz-Asiya, Şimal-Cənub və ölkəmizin ərazisindən keçən digər Beynəlxalq Nəqliyyat Dəhlizləri haqqında geniş təqdimat edərək gələcəkdə reallaşdırılacaq daha bir neçə nəqliyyat marşrutları haqqında məlumatlarla bölüşüblər. Yük sahibləri və logistika sahəsində fəaliyyət göstərən Türkiyə və digər ölkələrin iri şirkətləri ilə danışıqlar aparıblar. İkitərəfli görüşlərdə Azərbaycan ərazisindən keçən beynəlxalq tranzit marşrutlarından istifadə etməklə, yüklərin nəqli məsələləri diqqət mərkəzində olub. Azərbaycan dəmiryolçuları beynəlxalq şirkətlərin nümayəndələrini yükdaşımalar sahəsində təklif etdikləri geniş çeşid xidmətlərdən yararlanmağa dəvət ediblər.
Sərgi çərçivəsində Azərbaycan və Türkiyə dəmir yolu idarələrinin nümayəndələri və iri yük sahibləri arasında ikitərəfli görüş keçirilib. Danışıqlarda birgə həyata keçirilən layihələrin hazırki vəziyyəti və perspektivləri müzakirə edilib. Xüsusən Bakı-Tbilisi-Qars dəmir yoluna yeni növ yüklərin cəlb edilməsi diqqət mərkəzində olub.
Qeyd edək ki, pandemiya dövründə sərginin işində fasilə yarandığı üçün hazırki tədbirə maraq böyükdür. Sərginin keçiriləcəyi günlərdə 10 mindən artıq ziyarətçinin gələcəyi gözlənilir.