Belçikanın paytaxtı Brüssel şəhərində “Qazaxıstan və Avropa İttifaqı arasında tranzit və nəqliyyat əməkdaşlığı: Orta dəhlizin inkişaf perspektivləri” mövzusunda dəyirmi masa təşkil edilib. Dəyirmi masada Avropa İttifaqının, Avropa Parlamentinin, marşrut üzrə ölkələrin dövlət dəmir yollarının və özəl şirkətlərin nümayəndələri, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” ( Orta Dəhliz ) Beynəlxalq Assosiasiyasının üzvləri iştirak ediblər.
Tədbirdə Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvü olan “ADY Konteyner” şirkətinin nümayəndələri də təmsil olunub. Şirkətin direktoru Natiq Cəfərov “Orta Dəhlizdə nəqliyyat bağlantısı, multimodal daşımalar və ticarət” başlığı altında təşkil edilən paneldə çıxış edərək ölkəmizin tranzit imkanları, regionda yaranmış vəziyyət fonunda Orta dəhlizin əhəmiyyətinin artması, multimodal daşımalar üzrə həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər barədə məlumat verib.
Tədbir çərçivəsində iştirakçılar həmçinin Orta Asiyanı Avropa İttifaqı ilə birləşdirən marşrutları, multimodal daşımaların cari vəziyyətini və perspektivlərini müzakirə ediblər. Dəhliz boyu yaşıl logistikanın inkişafı da diqqət mərkəzində saxlanılıb.