İranın paytaxtı Tehran şəhərində başa çatan “Cənub-Qərb” Beynəlxalq Nəqliyyat Marşrutunun işçi qrupunun görüşündə bir sıra mühüm məsələlər diqqət mərkəzində olub. Görüşdə İran, Azərbaycan, Gürcüstan, Ukrayna və Polşa dəmir yollarının nümayəndələri təmsil olunublar.
“Azərbaycan Dəmir Yolları” QSC və marşrutun Azərbaycan ərazisi üzrə operator şirkəti olan “ADY Konteyner” MMC-nin nümayəndələrinin də iştirak etdiyi tədbirdə, “Cənub-Qərb” Beynəlxalq Nəqliyyat Marşrutunda yükdaşıma tariflərinin optimallaşdırılması, həyata keçirilən infrastruktur layihələri və daşımaların mexanizminin təkmilləşdirilməsi diqqət mərkəzində olub.
Görüşün sonunda, tərəflər arasında işçi qrupunun ilk protokolu imzalanıb. Sənəddə “Cənub-Qərb” Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf etdirilməsi, xəttə əlavə yüklərin cəlb olunması istiqamətində atılacaq növbəti addımlar barədə maddələr əksini tapıb və Koordinasiya Komitəsinin işçi qrupunun əsasnaməsi təsdiq olunub.
İşçi qrupunun üzvləri Tehranda “Cənub-Qərb” Beynəlxalq Nəqliyyat Marşrutundan istifadə edəcək potensial müştərilərlə görüş keçiriblər.