Türkiyənin ikinci ixrac qatarı Çinə çatıb

Türkiyədən Çinə ixrac yükləri daşıyan ikinci konteyner qatarı artıq  Sian şəhərinə çatıb. Blok qatarı hər biri 40 futluq olmaqla 42 konteynerdən ibarətdir. Konteynerlər Çin ilə Avropa arasında dəmir yolu üzrə yükdaşımaların mərkəzi rolunu oynayan Siana 16 günə çatdırılıb. Qeyd edək ki, Türkiyədən Çinə ixrac yükləri daşıyan ilk qatar Qazaxıstanla sərhədə rekord müddətdə – 10 gün ərzində çatmışdı. Bu, daşımanın operatoru olan  Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) şirkətlərinin yaxşı əlaqələndirilmiş işi sayəsində mümkün olmuşdur.

Türkiyədə istehsal edilmiş məhsulları Çinə daşıyan konteyner qatarları ayda 2 dəfə olmaqla müntəzəm hərəkət edəcəklər.